booked.netbooked.net booked.net  

Əziz dostlar! Bu yazını neçə gündür yazmışam, amma hər gün bir hadisə baş verdiyindən əlavələr etmə zərurəti yaranır, buna görə də dərc olunması gecikib.

Bu gün, nəhayət, yazını sizinlə bölüşmək qərarına gəldim. Mövzu bir professor dostumun mənə “Niyə Qubad İbadoğlunu lazımi səviyyədə dəstəkləmirsən?” iddialı sualına verdiyim cavabımdan qaynaqlandı.

Məsələ belədir: Qubad İbadoğlu barədə həbs qərarı rəsmiləşəndən sonra tezadlar.az saytında “TURAN” Agentliyinə istinadla, bəlkə də çoxlarının paylaşmadığı, yaxud paylaşmağa ehtiyatlandığı, lap açıq desək, qorxduğu bir məlumatı paylaşdıq. Sonra Baş Prokurorluqdan bizə göndərilən rəsmi məlumatı da yayımlamaq borcumuzu yerinə yetirdik. Amma göydə Allah, yerdə bizim Qubad İbadoğlunun və digər haqsız tutulmuşların həbsinə inciyən vicdanımız bilir ki, bu dəfə də o dərəcədə incidik, pis olduq, bunu ən azı hər gün rəsmi və ya inandığımız qaynaqlara istinadla yayımladığımız məlumatlar da təsdiqləyir.

Lakin başqa bir mənzərənin şahidi oluruq: biri mənə yazır ki, Qulu Məhərrəmliyə Qubad bəyi dəstəklədiyinə görə şər atırlar, ləkələyirlər, onu dəstəkləyin... Digəri yazır ki, niyə filankəsin İlham Əliyevin barəsində yayımladığı o müraciəti yaymırsınız və sair və ilaxır.

Dostlar! Sizə quzu kəsim. Mən xaricdə yaşayıb fəaliyyət göstərən professor Cəmil Həsənlinin də, Mir Şahinin də, Qulu Məhərrəmlinin də, Əli Kərimlinin də, jurnalist Elbəyi Həsənlinin də, Çingiz Sultansoyun da… yazılarını və mövqeylərini oxumuşam. Eyni zamanda, Azərbaycan hakimiyyətinin (Prezidentin demirəm) mövqeyini ifadə edənlərin açıqlamalarını da oxumuşam. Hər bir kəsin mövqeyinə hörmətlə yanaşıram, amma istəyirəm ki, mənim bu mövqeyimə də eyni sayğı ilə yanaşılsın.

Məsələ belədir: bilirsiniz ki, YAP-ın üzvü deyiləm, Prezident İlham Əliyevin sərəncamları ilə Əməkdar jurnalist də olmamışam, mənzil, orden, medal da… alanlardan deyiləm. Əksinə, peşə fəaliyyətimə görə 2009-cu ildə PA-nın sevimlisi  Elşad Abdullayevin iddiası və hikkəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişəm, amma ATƏT nümayəndələrinin Prezident İlham Əliyevə müraciətindən sonra ölkə başçısının sərt reaksiyası oldu və mən 2 gün sonra məhkəmə qərarı ilə azad edildim. Hər halda, bu haqsız hökmü çıxaran hakimiyyətin hakimləri idi.

Bu azmış kimi, 2016-cı ildə peşə fəaliyyətimə görə mart ayında şəxsi mənzilim, iyul ayında isə avtomobilim benzin tökülərək qəsdən yandırıldı, istintaq başlanıldı. O vaxt DİN naziri olan Ramil Usubov (sonra indiki nazir Vilayət Eyvazov) söz verdi ki, cinayətkarlar ən qısa zamanda tapılıb cəzalandırılacaq, amma… “cinayətkar”lara ağı verən isə Bakıda mənzil tikir, “xeyriyyəçilik” edir və s.

Bunlar bəs etmədisə, birini də deyim: KİVDF yaranandan sonra uzun illər rəhbəri olduğum qəzetə və ya sayta dövlət yardımı verilmədi, nəinki verilmədi, bizə qarşı düşmən münasibət bəslənildi: hətta jurnalistlərimizi Milli Mətbuat Günü bayramında iştirakına belə imkan verilmədi! Nazirlərin katibələri jurnalistlər bayramında bayram edir, bizləri isə yaxına buraxmırdılar, deməli, bizi jurnalist saymırdılar. Hansı ki, iki əməkdaşımız, biri də mən, Avropa Mətbuat Federasiyasının 38 ölkədə akreditə olunmuş üzvüyük və Azərbaycanda bu ilkdir! Mən Türkiyənin 4 saytının köşə yazarıyam. Amma biz kimlərinsə gözündə jurnalist deyilik!

Avstraliya Parlamentinə yazdığım informasiya sorğusu əsasında bu ölkə Parlamentinin “DQR”ı tanıma qərarı dondurulur, amma mən jurnalist deyiləm!

Mən hələ onu demirəm ki, Avstraliyanın dünyada məşhur hərbi statuslu jurnalı ilə əmkdaşlığımız sayəsində Azərbaycanın 44 günlük müharibədəki “Kukruznik” taktikası ikinci dəfədir ki, bu jurnalda işıqlandırılır, Azərbaycanın bu hərb təcrübəsi dünyaya nümunə göstərilir, amma mən Azərbaycanda jurnalist deyilmişəm!

Birini də deyimmi? KİVDF-dən sonra MEDİA Agentliyi yaradıldı, ilk müddətdə bizə maliyyə dəstəyi verildi, təşəkkür edirəm, etmişəm və edəcəyəm, amma bu dəfə onu da dayandırdılar. Bu isə o deməkdir ki, kağızın bahalaşdığı bir zamanda qəzetin (saytın) çapı dayanmalıdır.

Yox, biri qaldı: Azərbaycan hakimiyyətinin qanadı altında uzun illər kölgələnmiş (indi gün işığına çıxmaqdadır) Mətbuat Şurası gah bizə “reket” dedi, sonra məhkəmə iddiamıza ədalətli qərardan sonra yumşalıb bizi “qara siyahı”ya saldılar və s.

Sözümün sonu budur: əvvəl deyə bilmədiyim bir çox məsələləri, bundan sonra deyəcəklərimi və deyə bilməyəcəklərimi ümumiləşdirib xahiş edirəm, şərh verib mövqe bildirərkən tələsməyin, nəzərə alın: bəlkə biz sizlərdən də çox hakimiyyətin - məmurların (hakimiyyətlə dövləti və İlham Əliyevin statusunu səhv salmayaq) əziyyətini çəkmişik. Bəli, siz deyirsiniz ki, bəzi icra başçıları korrupsiyaya qurşanıb, mən isə deyirəm ki, əksinə, onlar alverçidirlər, rüşvət alırlar. Tutulub “qoduqluğa” salınanları yada salın.

Siz deyirsiniz ki, hakimlərin bəziləri təmənnalı qərarlar çıxarır, mən isə deyirəm ki, əksinə, Ali Məhkəmənin sabiq sədri Ramz Rzayev məhkəmə sistemimizi karuselə döndərib “Meyvəli bazarı”nın bir qolunu yaratmışdı…

Siz deyirsiniz ki, deputatların əksəriyyəti saxta yolla seçilib… Mən isə deyirəm ki, təkcə Bəxtiyar Sadıqov Ağdamdan saxta yolla seçilməyib, o, saxta yolla təyin edilib və bir dəfə də Konstitusiya Məhkəməsi, mən də daxil, namizədlərin şikayəti əsasında onun deputatlığını ləğv etdi, təkrar seçkiyə getməli oldu.

Siz deyirsiniz ki, bəzi prokurorlar, polis rəisləri, nazirlər, şirkət prezidentləri, SOCAR rəisləri… korrupsiyalaşıb! Mən isə aydın və açıq şəkildə deyirəm ki, həmin o bəzilərinin fəaliyyəti dövlətə sabotajdır!

Uzun sözün qısası, nazir, şirkət prezidenti, yaltaq siyasətçi… qalır bir tərəfdə, hakim qalır o biri tərəfdə, rəis bu biri tərəfdə, deputat, rektor, nə bilim kim… qalır lap o biri tərəfdə, İlham Əliyev hədəf seçilir.

Erməni siyasətçilərin ləyaqətsizliyini, separatçıların oyunbazlığını, Paşiynanın “aşağı saqqal-yuxarı bığ” hoqqalarını, Fransanın əclaflığını, Rusiyanın saman altından su axıtmağını, Kanadanın satqınlığını… yada salanda məcburam yuxumuzda belə görə bilmədiyimiz Şuşanın, Ağdamın… geri alınmasının banisi olan İlham Əliyevin xidmətlərini göz önünə gətirəm!

Bir də təkrar edirəm, kimi bu məsələdə Türkiyəni, başına döndüyüm Ərdoğanı, qadasını aldığım İsraili, quzu kəsdiyim Pakistanı… misal göstərir. Var olsunlar! Mən isə bir faktı misal göstərə bilərəm: faktdır ki, bu missiya və bu məsuliyyətli, dağdan ağır yük İlham Əliyevin çiynində oldu! Bəli, bu böyük yük onun bəxtinə düşdü! Yaxşı, sizlərdən kiminsə bəxtinə düşəydi, atasına lənət sizin başınıza and içməyənin!

İndi nə edək, kimin dərdini çəkək: özümə sual verirəm və Allaha and olsun cavab tapa bilmirəm: Məsələn, Allah qapısını günü sabah açsın, İlham Əliyev Qubad İbadoğluna neyləmişdi? Vəzifəsini əlindən almışdı, ofisinə polis göndərmişdi, qrantlarının qabağını kəsmişdi? Bəlkə qardaşının deputat olmasını istəməmişdi?!

Bəs filankəs, bəhmənkəs, o bir filankəslər?! Onları Azərbaycandan kim qovmuşdu? Xaricdə oturub Azərbaycanı lənətləmək oğul işidirmi?!  Biri uşaqlarını xaricdə oxutdurmaq istəyirdi, gedib, Allah var eləsin! Digəri xaricdə özünə iş axtarırdı, gedib, Allah işini avand eləsin! Ay qardaşım, ay bacım, xaricdə yaşamaq arzumuza uysaydıq, birincisi elə mən gedərdim. Amma neyləyim, kəndim işğalda, ata-ana, baba-nənə… məzarlığım burda. Nə üzlə xaricə gedib sonra İlham Əliyevi düşmən obrazında tənqid edim?! Adama nə deyərlər, deməzlər ki, yaxşı, ay filankəs, İlham Əliyev torpağını erməni yaramazlarından azad edib, daha nə istəyirsən? Demirdin ki, evimi-eşiyimi satmağa, canımı qurban verməyə hazıram, təki o yurdum ermənilərdən azad edilsin?! Yaxşı, İlham Əliyev azad edib də, gəl canını gülləyə qurban eləmə, amma dövlətinin yaşaması uğrunda fəda elə!

Bəli, İlham Əliyevin müdafiəyə təbii ki, ehtiyacı yoxdur, xüsusən də yuxarıda yazdıqlarım mənim bu fikirləri hansı niyyətlə yazdığımı aydınlaşdıran faktdır. Amma gəlin əyri oturub düz danışaq: biz İlham Əliyevi bu qarmaqarışıq zamanda onun sərəncamları ilə vəzifə tutmuş o nazirlər, SOCAR vitse-prezidentləri, o prokurorlar, məhkəmə sədr və hakimləri, polis rəisləri, şirkət prezidentləri, o ağzı-gözü və qulağı yumulu… deputatlar üçün deyil, Azərbaycan dövləti üçün qoruyaq! Çünki bu gün Azərbaycanın ətrafında baş verənlərin hamısını çox yaxşı bilirsiniz. Allah eləməsin, ən çətin məqamda qardaş da qardaşa yaxın dura bilmir, amma Azərbaycan öz dövlətinə ya sahib durmalıdır, ya da məhv olma qərarı qəbul etməlidir!

Sizə kim və nə lazımdır: Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti, yoxsa bu gün təklədiyiniz və necə gəldi umub tənqid etdiyiniz Azərbaycanın İlham Əliyevi?

Nəzərə alın ki, mən “Azərbaycanın İlham Əliyevi!” dedim, həm də “İlham Əliyevin Azərbaycanı!” deyə bilərdim… Amma demədim, çünki…

Asif MƏRZİLİ        

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN