booked.netbooked.net booked.net  

Yaxud, İsmayıllı rayonu «yoxa çıxa bilər», çünki…

…Hər dəfə Qəbələ, yaxud Şəki istiqamətində  səfər edəndə, adətən, Muğanlı-İsmayıllı yoluna üstünlük verirdim. Lakin ötən ilin dekabrında Şəkidə olarkən güclü qar yağdı. Odur ki, o vaxt Qəbələ-İsmayıllı yolunun təhlükəli ola biləcəyini nəzərə alaraq Bakıya dönərkən Ağsu yolu ilə gələsi oldum. Girdimançayı keçəndən bir qədər sonra  yolun solunda illər öncə qoyulmuş və artıq rəngi tam olaraq soluxmuş lövhə diqqətimi cəlb etdi. Rənginin solması bir yana, lövhə üzərindəki “Yaxşı yol” yazısındakı iki sözün 3 hərfi yoxa çıxmışdır (fotoşəkil təqdim olunur).

  İsmayıllı və Ağsu rayonlarının sərhədini bildirən bu lövhənin bu halı məni xeyli təəccübləndirdisə də, çox dərinə getmədim. Düşündüm ki, ismayıllılar yəqin ki, bunu görüncə tezliklə əncam edərlər.

***

 …O vaxtdan 9 ay sonra yenidən Şəki tərəfə yolum düşəsi oldu. Muğanlı-İsmayıllı yolunda geniş yenidənqurma işləri getdiyini nəzərə alaraq bu dəfə də Ağsu yolu ilə gedəsi oldum.

   Ağsunu keçib Girdimançaya yaxınlaşanda yuxarıda barəsində söz açdığım lövhənin digər üzü, yəni əks tərəfi diqqətimi cəlb etdi. Əfsuslar olsun ki, orada da “İsmayıllı rayonu” sözündəki “y” hərfi yerində yox idi (fotoşəkil təqdim olunur). İki gün sonra geri dönəndə lövhənin yanında dayanaraq onun hər iki tərəfinin fotosunu çəkdim. Fotolardan göründüyü kimi, 9 ay ərzində heç nə dəyişməyib. Yenə həmin soluxmuş lövhə və iki üzündəki xoş olmayan mənzərə.

ism-2

 Maraqlıdır, kifayət qədər intensiv hərəkətin olduğu bu magistral yolda o tərəfə, bu tərəfə gedənlər, görəsən, bərbad halda olan həmin lövhəni təkrar-təkrar görürkən nə düşünürlər? Mən hələ əcnəbi qonaqları demirəm. Bu biabırçılıqdır! Bu mənzərəni görənlər kimi və ya kimləri qınayırlar? Yəni, İsmayıllı rayon rəhbərliyinin bundan xəbəri yoxdur?! Yəni, bunu onlara irad tutan da olmayıb?! Mən əminliklə deyə bilərəm ki, İsmayıllı-Muğanlı yolu yenidən qurulmaqda olduğundan ən azı son bir ilə yaxındır ismayıllılar, təbii ki, həm də rayon rəhbərləri mütləq şəkildə Qaraməryəm-Ağsu-Muğanlı yolundan istifadə edirlər və bu gün də istifadə etməkdədirlər. Necə ola bilər ki, həftədə bir neçə dəfə Bakıya gəlib-getdiyi deyilən icra başçısı Nahid Bağırov özü həmin lövhənin bu halını görmür??? Bəs onun onun müavinləri, rayonun digər məsul vəzifə sahibləri o acınacaqlı mənzərəni görmürlərmi?! Bəs həmin yola nəzarət edən, o yoldan istifadə edən digər məmurlar necə?! Ötən bir ilə yaxın müddət ərzində xidməti işi ilə bağlı o yoldan ötərək İsmayıllı rayonuna ezamiyyətə gedən məmurlar da bunu görməyiblər?!

ism-1

Birdə ki, bu boyda aşkar ayıblı lövhəni görməyənlər İsmayıllıdakı ətaləti, məmur özbaşınalığını, rayon rəhbərlərinin insanların gündəlik qayğı və problemlərinə olan biganə və sayğısız münasibətini haradan görəsidirlər?! Şəxsən mən o düşüncədəyəm ki, rayonun girişindəki tanıtım lövhəsi əgər bu vəziyyətdədirsə, indi görün, İsmayıllının özü nə gündədir?! Çox güman ki, hər dəfə o lövhəni bu vəziyyətdə görənlər də elə bu düşüncədədirlər.

***

Bu qeydləri oxuyan ismayıllılar nə düşünəcəklər bilmirəm, amma şəxsən mən çox narahatam ki, vəziyyət bu cür davam edərsə, lövhədəki digər hərflər də bir-bir yoxa çıxacaq, beləliklə də “İsmayıllı rayonu” özü tam olaraq gözdən itəcək…

Asif MƏRZİLİ

P.S.Düşünürəm ki, ötən 9-10 ay ərzində bu mənzərəni sadəcə seyr edən icra başçısı və onun komandası tədbir görmək istəməyibsə, mən bu yazını cənab Prezidentin və Prezident Administrasiyasının rayonları kurasiya edən aidiyyəti şöbə müdirinin tvitter səhifəsinə yerləşdirim. İnanıram ki, bundan sonra həm İsmayıllının adından yoxa çıxmış həmin hərflər yerinə qayıdacaq, həm də İsmayıllının idarəçiliyindəki məmur məsuliyyəti…

P.P.S.Yeri gəlmişkən, icra başçısı Nahid Bağırovu da qınamalı deyil… Bir ildən çoxdur başı fermer Teyyub Abdullayevlə məhkəmə çəkişməsinə qarışıb və fermeri ikinci mövsümdür taxıl əkməyə qoymur. İş məhkəmədədir və artıq icra başçısı 4-cü dəfədir məhkəmədə fermerə uduzur. Və gülməli, bəlkə də ağlamalıdır ki, o boyda başçı məhkəmə qərarına əsasən, özünün taxıl əkinini qadağalayan qanunsuz və əsassız sərəncamını özü də ləğv edib… Qısası, fermerin problemini həll etməli olan başçı özü fermerə problemlər yaşatmaqdadır...

  

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN