booked.net booked.net  

Uzun illər bu məmləkətin ürəyində nisgil idi  Qarabağ... Ağrı idi... Həsrət idi...

Açılmaz kor düyün idi... Qara bəxt idi... Qapısı bağlı qalmış yurd yeri idi Qarabağ...

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu... körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı - tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar...

Kor deyildik ki... hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil. Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil. Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun - zabitinin, əsgərinin cibində imiş... Bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnında şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan, uca əməlləriylə şəhadəti - Cənnəti qazanan comərd oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Azər Nazim oğlu Yusiflidir.

Azərin şərəfli ömür yolunu - döyüş yolunu ölümsüzləşdirmək amacıyla silahdaşları ilə söhbətlər edir, yaralı canı, vətən yolunda fəda etdiyi qolu, ayağı, itirdiyi gözünün nuruyla zəfər yazan igidlərin cəbhə ilə bağlı xatirələrini dinləyirəm. Azəri doğmalarından öyrənmək,  tanımaq istəyirəm... Ömrünün gənc çağında, arzularının boy verib, ümidlərinin çiçək açdığı yaşda Azər kimi Oğulu, övladı, qardaşı, dostu, yarı itirməyin nə qədər acı olduğunu iliklərimə qədər duyuram, itkinin nə qədər ağır və ağrılı olduğunu bütün ruhumla dərk edirəm. Dayısı Fərman Mollayevin onun haqqında danışdıqlarını dinlədikcə Azərin yoxluğu böyüklükdə qürur dolur adamın içinə. Bu söhbətləri məhz ona görə qələmə alıram ki, bizim asanlıqla zəfər dediyimiz söz PUA-larla, dronlarla, ağır artilleriya ilə qazanılmayıb, o bayraqlar öz-özünə qalxmayıb, ucalmayıb. Torpağı azad etmək, Vətənin ərazi bütövlüyünü hasilə gətirmək üçün neçə cavan ömürlər yarım qalıb... Hər birinin döyüş yolu bir dastan, bir tarixdir. Onların haqqında danışılanlar isə Savaşın - Zəfərin unudulmaz səhifələridir...

İgid dayıya bənzəyər, - deyirlər... Azərin dayısı Fərman Mollayev özü də Dövlət Sərhəd Xidmətində çalışır.  Azərlə həm də həmkar imiş. Fərman əminin Azərlə bağlı danışdıqlarını göz yaşları içərisində dinləyirəm: “Məndən ötrü Azər haqqında keçmiş zamanda danışmaqdan daha ağır heç nə yoxdur. Həyatımda ən böyük zərbəni Azərin şəhid olmaq xəbəri eşidən gün aldım. Bu yaşıma qədər yaşadığım heç bir hadisə məni belə sarsıtmamışdı. Biz təkcə dayı - bacı oğlu deyildik. Dost idik, Sirdaş idik, sözümüz-söhbətimiz bir idi... Azərin şəhadətə ucaldığı gün mən Azərin simasında təkcə balamı yox, həm də həyatdakı ən böyük həmdəmimi, söykənəcəyimi, sirdaşımı itirdim...

Vətən savaşı ərəfəsində ailəmizdən dörd gənc Vətən qarşısında xidməti görəvini yerinə yetirməkdə idi... Qardaşım oğlu Orxan gizir, bacım oğlu baş leytenant hərbi həkim Emil, öz oğlum Süleyman əsgər kimi hərbi xidmətdə idi... Amma qəribə bir nigarançılıqla mən ancaq Azərdən narahat idim... Çünki onun xarakterinə, xasiyyətinə bələd idim... Dönməzliyini bilirdim, iradəsinə, əzminə, dostları üçün özünü necə fəda edəcəyini iliklərimə qədər hiss edirdim. Azər mərd, qorxmaz, cəsarətli olduğu qədər də fədakar idi... Onun ən sonda düşünəcəyi şey özü idi. Döyüş yoldaşları da danışır ki, Azər ümumiyyətlə, özünü qorumurdu. Ən çətin mövqelərdə, ən keçilməz məqamlarda Azər özünü irəli atırdı. Mən özüm də Dövlət Sərhəd Xidmətində çalışdığım üçün onun həmkarları ilə yaxından ünsiyyətdə ola bilirəm, onları dinlədikcə itkimizin böyüklüyünü daha dərindən duyuram. Savaş ərəfəsində telefon əlaqəsi saxlamaq imkanı olduğu məqamlarda Azər zəng edərdi, mən hər dəfə ona sadəcə xahiş etmirdim ki “Özünü qoru!”, ona yalvarırdım... “Anan üçün özünü qoru! Anan səninlə nəfəs alır” deyə dönə-dönə vurğulayırdım. Azər isə qəribə bir mərdanəliklə “Dayı! Mən Şəhid olsam, Anamın təsəlli yeri Səni kimi qardaşı var” - deyirdi. Amma biz heç birimiz Azərin anasına təsəlli ola bilmədik... (Fərman əmini qəhər boğur...) Övlad acısını ovudacaq heç bir təsəlli yoxdur bu həyatda. Həm də Azər kimi böyük ürəkli, məğrur, valideynə yanımcıl, qayğıkeş, istiqanlı övladı heç kim əvəz edə bilməz...

Vətən savaşında böyük şücaət göstərmiş bütün şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün göstərdikləri misilsiz xidmətlər üçün Ali Baş Komandan cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya ailəmiz adından minnətdarlığımızı bildirirəm.

Bu gün kəndi, eli-obası, bütün rayonu Azərlə fəxr edir, Vətən ona “Oğul!” deyir, rayonumuzda, kəndimizdə addım atdığım hər yerdə onun şəklini müqəddəs bayrağımızla qoşa ucalan görürəm, məzun olduğu məktəbdə təhsil alan şagirdlər ürəyinin üstündə Azərin şəklini daşıyır, Azər keyfiyyətdə böyüməyə, Azər kimi vətəni sevməyə söz verirlər, bütün bunları müşahidə etmək adama təsəllidir, hardasa sakitləşdirir, ovundurursan özünü. Amma barışmaq çox çətindir, mümkünsüzdür... Onun yoxluğunu qəbul etməkdən daha ağır heç nə yoxdur. Yüz yol, min yol canımı fəda edərdim yoluna, mən şəhid olardım Azərin yerinə... Kaş ki Ona heç nə olmayaydı... Təzəcə nişalanmışdı... Anasının nə qədər arzuları var idi... Hamısı arzu kimi ürəyimizdə qaldı, yaşa dönüb gözümüzdə gilələndi... Humanitar atəşkəsin elan olunduğu günlərdə anasına xəbər verdim ki, Ali baş komandanın sərəncamı ilə müharibə dayandırılıb. Mən müharibə başlayandan həmin günəcən ilk dəfə idi, Yeganəni üzündə gülüş görürdüm. Və o da sonuncu gülüşü oldu Yeganənin... Və ən ağırı da odur ki, Azərin şəhadətini anasına mən xəbər vermək məcburiyyətində qalmışam. O anı xatırlayanda dünyam başıma yıxılır, özümü heç zaman bağışlaya bilmirəm.

Elə bilirdim ki, Zəngilana - Azərin son döyüşdüyü yerə getsəm, oranı ziyarət etsəm, bəlkə də, sakitlik taparam. Amma əksinə oldu. Ötən həftə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının yaxından dəstəyi ilə biz ailəmiz, əmisi Fazil, Habil, qardaşları Xəzər, Qulu Azərin şəhid olduğu yerə getdik, şəhadətə ucaldığı yerdə sonuncu dəfə atdığını güman etdiyimiz iki boş giliz vardı... Götürdüm, bir də son nəfəsini verdiyi Zəngilandan torpaq gətirib məzarına səpdim... Azərin şəhid olduğu yerdən bir addım üzü o tərəfə gedə bilmədim. Məndən ötrü Vətən elə ordaca bitdi... (Fərman əmi göz yaşlarını saxlaya bilmir, mən də müsahibimi daha artıq yaralamağa, incitməyə qıymıram, söhbətimizi yekunlaşdırıram)

27 il bundan əqdəm Tanrıdan bir Nur parçası qopmuşdu.

Bu sənə 27 yaşını tamamlayacaqdı...

Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, son nəfəsinəcən təmizliyini qoruduğu o uca alnında yazılanları birbəbir gerçəyə dönüşdürürdü... Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı...

Üzü Haqqa sarı yola çıxmışdı. Baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində,  qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə, bir bayraq altında cəm olmağına səbəbkar olmuşdu... Bu, Allahın Azər Nazim oğlu Yusifli adına yazdığı ömrün ssenarisi idi...

Tanrı Elçisi idi... Tanrının qorxu nədir bilməyən Bozqurdlarından idi...

İlahi ədaləti bərqərar etmək üçün Yer üzünə göndərilmişdi...

Tanrının alnına yazdığı qutsal görəvini tamamladı...

26 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı...

27 yaşına varmamış gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı...

Tanrıdan qopan o Nur parçası Ona qayıtdı... Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək... Ömür dediyimiz iki nəfəs arasında fasilədi - Tanrıdan qopub gəldiyimiz anla - ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an - son nəfəs arasında zaman məsafəsidi ömür...

Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi...

Azər bu cavan ömründə şəxsiyyət olmağı bacardı ki, 26 yaşında Şəxsiyyət olmaq hər yaradılana nəsib olmur... 26 yaşında Qəhrəmanlıq zirvəsinə ucalmaq da hər Oğulun işi deyil... 26 yaşında Haqqın Dərgahına mələk kimi qanadlanmaq, Uçmağa varmaq Tanrının ən gözəl alın yazısı, bəndənin ən gözəl nəsibidir. Azər bu yaşında Tanrının ən gözəl ərməğanıyla nəsibini aldı...

Tanrıdan qopan Nur parçası Tanrıya döndü... Ondan gələn Ona qayıtdı!...

Atam Oğlu, Nə gözəl üzlə döndün Tanrının qapısına!

Tanrı Dərgahında Ucalığın - Əbədiyyətin, Şəhadətin mübarək, Azərim!

Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN