booked.net booked.net  

Dahilər tərəfindən insana, insanlığa xidmət edən peşələr sırasında ilk adı çəkilən müəllimlikdir. Yəqin ki, hər bir cəmiyyət üçün əhəmiyyətlilik dərəcəsinə görə müəllimlik müqəddəs sayılır və qiymətləndirilir. Təbii ki, müəllimliyi əməli fəaliyyəti ilə müqəddəsləşdirən də hər cür hörmət və ehtirama layiq müəllimlərdir. O müəllimlər ki, bir ömür boyu gözünün nurunu, ürəyinin hərarətini ilahi bir sevgi ilə şagirdlərinə verməyi, başqalarının taleyi olmağı (A.Eynşteyn) bacarır. Eyni zamanda səmimi olan sevgisindən mənəvi dünyasında yeri olanların da sevgisini qazanır...

Bəli, haqqında fəxrlə söz aça biləcəyimiz müəllimlərdən biri də Tamaşa Cəllət qızı Məmmədovadır. Ali təhsilli, ilk müəllimlik fəaliyyətinə Ağdam rayon Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində başlayan, 1993-cü ildə doğma kəndlərinin erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunduqdan  sonra İsmayıllı rayonunun Kürdmaşı kəndində məskunlaşmaq məcburiyyətində qalan və orada təşkil olunan Ağdam rayon 30 saylı köçkün tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirən, 2009-cu ildən isə Quzanlı qəsəbəsindəki 69 saylı tam orta məktəbində dil və ədəbiyyat müəllimi kimi çalışan Tamaşa müəllimə.

Maraqlıdır ki, builki ad gününü - fevral ayının 14-də qardaş Türkiyədə baş verən təbii fəlakət-zəlzələ səbəbindən övladlarını belə bir masa ətrafına toplayıb qeyd etmək fikrində də olmayıb Tamaşa müəllimə. Ancaq həmin gün gözlənilmədən,  birdən-birə onun evinin həyət qapısı döyülür. Rəhbəri olduğu XI sinfin şagirdləri içəri daxil olur. Tamaşa müəllimə 36 illik müəllimliyi dövründə ilk dəfə şagirdləri qarşısında göz yaşına hakim ola bilmir...

Müəllimə şagirdlərinə “uşaqlar, mən Qarabağımızı tərk edən gündən ad günü keçirmirəm, bu il isə heç övladlarımla da Türkiyədəki...” sözünü ilk dəfə şagirdləri yarımçıq qoyurlar. Deyirlər ki, müəllimə, dediklərinizi biz də bilirik, ancaq biz bu il məzun olub hərəmiz bir tərəfə gedəcəyik. Kimisi hərbi xidmətə, kimisi müxtəlif ali məktəblərə qəbul olunacaq. Bu gün şagirdlərin kimi hamımız bir yerdəyik.  İllərdir ki, bizə analıq etmisiniz, əziyyətimizi çəkmisiniz. Qərara gəldik ki, sizi öz evinizdə ad gününüz münasibəti ilə təbrik edək, şəkil çəkdirək...

img-20230216-wa0007

Tamaşa Məmmədovanın çalışdığı  Ağdam rayon 68 saylı tam orta məktəbi  1994-cü ildən fəlaliyyət göstərir və rayonun ümumtəhsil məktəbləri arasında xüsusi yeri olan, ali məktəblərə qəbulla bağlı uğurlu göstəricilərdə adı olan məktəblərdən biridir. Məktəbə uzun illər kimya elmləri üzrə fəlsəfə doktotu, hazırda təqaüddə olan Hüseynalı Hüseynov başçılıq etmişdir. Bu gün isə məktəbin direktoru məktəbşünaslığı dərindən bilən, yüksək idarəçiliyi ilə fərqlənən Sədaqət Həsənovadır. Məktəb təcrübəli, savadlı, adlı-sanlı müəllimləri ilə tanınır. Onların sırasında “Tərəqqi” medallı, “Əməkdar müəllim”, tədris işləri üzrə direktor müvini Allahverdi Məmmədovun adını çəkə bilərik. Məktəbə təhsil uğurları ilə şöhrət gətirən şagirdlər sırasında bir neçə ildir ki, idmanın müxtəlif növlərində Dünya çempionları vardır.

Tamaşa Məmmədova şagirdlərinin sevimlisi olan bir müəllim,  qayğıkeş bir anadır. Üç övlad-bir qız, iki oğul anasıdır. Üçü də ata və anaları kimi ali təhsilli, cəmiyyətə yararlı. Tamaşa müəllimənin ünvanına  şagirdlərinin söylədikləri xoş sözlərdən aldığım təəssürat yadıma əsl müəllim adına illər öncə yazdığım  “Müəllim” adlı şeiri saldı. Həmin şeiri əsl müəllimlər sırasında gördüyüm Tamaşa Məmmədovaya da aid edərək təqdim edirəm.

Məktəbin, savadın təməlindəsən,

Adındır müqəddəs, çox uca, müəllim!

Neçə şagirdinin  əməlində sən

Layiqsən həmişə bir taca, müəllim!

 

Məktəbi bir ocaq, məbəd sanaraq,

Gələcək naminə şamtək yanaraq...

Ruhun pərvazlanıb qanadlanaraq

Fərəhdən, sevincdən kaş uça, müəllim!        

 

Xalqına ömürlük xidməti seçər,

Könüllər fəth edib qəlblərə köçər,

Ömrü qayğıların qoynunda keçər,

İstəsə qayğıdan ha qaça müəllim.

 

Deyirsiz-ləyaqət insanlıq tacı,

Elmdir cəhalət, dərdlər əlacı,

Nə kimsə qəm görsün, nə çəksin acı,

Həmişə əməli gül aça, müəllim!

 

Bəşəri arzular müqəddəs olar,

Xoş niyyət, xoş istək dəyişməz qalar,

Şagird sevincindən kamını alar,

Olsa da ya cavan, ya qoca müəllim!

Adındır müqəddəs, çox uca müəllim!

Tamaşa müəllimə, ünvanınıza söylənilən təbriklərə qoşularaq sizə uzun ömür, can sağlığı, bütün istək və arzularınıza qovuşmağı arzulayıram. Həmişə fərəhiniz yükün olsun!

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA