booked.net booked.net  

(“Qısa qeydlər silsiləsindən)
"Azərbaycan" qəzetinin Baş redaktoru deputat Bəxtiyar Sadıqov bu gün Milli Məclisdə çıxış edib və rəhbərlik etdiyi qəzetin bankrot olduğunu rəsmən elan edib. Deputat qəzetin 65 yaradıcı və texniki işçisinin olduğunu və onların hazırda maaş almadığını qeyd edib. Baş redaktor qəzeti ayaqda saxlamaq üçün Milli Məclisdən nə az, nə çox – 1 milyon dollar pul istəyib. Təbii ki, bu, ancaq nəticədir, səbəblər müxtəlifdir.
Əvvəl subyektiv səbəblərdən başlayaq, çünki onları aradan qaldırmaq daha asandır.
1.Bəxtiyar Sadıqov 20 ildən çoxdur ki, “Azərbaycan” qəzetinə rəhbərlik edir. Əvvəllər maraqlı və oxunaqlı qəzet buraxırdı, gündəlik tirajı 10 mindən yuxarıydı. Qəzet də məlum olduğu kimi, yaradıcı yerdir, daim yeni yanaşma, yaradıcılıq axtarışları və tapıntıları tələb edir. Axı, yaradıcı adam nə qədər istedadlı olsa da, 20 ildə tükənir, əvəzlənməlidir, “Azərbaycan”a yeni nəfəs gəlməlidir. Yeri gəlmişkən, az əvvəl “Xalq qəzeti”ndə də eyni acınacaqlı vəziyyətdi. Amma rəhbərlik dəyişəndən sonra, vəziyyət də dəyişib, qəzet xeyli maraqlı və oxunaqlı çıxır.
2.”Azərbaycan”ın acınacaqlı taleyi göstərir ki, rəsmi qəzet redaktorunun eyni zamanda bir neçə vəzifə tutması özünü doğrultmur, əlində bir neçə qarpız tutan adamı xatırladır. Bir qayda olaraq, qarpızlar sürüşür, adamın əlindən yerə düşür. Odur ki, rəsmi qəzet rəhbərinin eyni zamanda deputat olması məsələsinə son qoyulmalı, redaktor qəzetdə öz işi ilə məşğul olmalıdır. Söz düşmüşkən, “Yeni Azərbaycan” qəzetinin də bu istiqamətdə maraqlı bir təcrübəsi var, öyrənilməli və həyata keçirilməlidir.
Əsas obyektiv səbəb isə, düşünürəm ki, birdir və həmin səbəbdir. Çap mətbuatı özünün qürub dövrünü yaşayır, internet mətbuatı onu sürətlə sıxışdırır. Əsrimiz sürət əsridir, insanlar gecikmək, bugünün xəbərlərini sabahkı qəzetlərdən oxumaq, eşitmək istəmirlər. Onlar bu gün olanları saatında, anında görmək, bilmək istəyirlər. Məsələn, mən səhər internetdə gördüyüm xəbəri axşam telekanaldan eşidəndə köhnə xəbər hesab edirəm. Çap mətbuatının isə, imkanları məhduddur, yalnız operativlikdə deyil, həm də yeni texnologiyaların tətbiqində internet mətbuatına uduzur. Nə qədər qəribə olsa da, çap mətbuatı internet mətbuatı ilə mübarizəni axırıncının öz meydanında – xəbər məkanında aparmağa çalışır və məğlub olur. İnternet mətbuatı xəbər məkanının sahibidir, yeni xəbəri almaq və operativ yaymaq onun əsas silahlarından biridir. Qəzetlər də xəbəri məhz burdan götürür və gecikməklə bərabər, həm də plagiata yol vermiş olurlar.
Deməli, çıxış yolları axtarmaq lazımdır. Çıxış yolları və seçim imkanları isə həmişə var. Böyük qonşumuz və mətbuat sahəsində, sözün əsl mənasında böyük olan Rusiyada çap mediası artıq keçən əsrin axırlarından bu reallığı dərk edib və mübarizənin, fəaliyyətin meydanını dəyişib. Rusiyanın “Komsomolskaya Pravda”, “Arqumentı i faktı”, “Kommersant” kimi populyar nəşrləri artıq 15-20 ildən çoxdur ki, siyasi-iqtisadi analizlərə, proqnozlara, sosial-elmi araşdırmalara üstünlük verirlər. Odur ki, nəinki öz mövcudluqlarını qoruyub saxlayır, hətta yüz minlərə tirajla çıxır və gəlirli biznes strukturlarına çevrilirlər. Onların təcrübəsi bir daha göstərir ki, bu, problemin həllinin, doğrudur çətin, amma sivil yoludur. Çap mətbuatı mübarizəni öz meydanında - siyasi-iqtisadi analizlər, sosial-elmi araşdırmalar meydanında aparmalıdır. Təbii ki, bütün müqayisələr kimi, bu müqayisə də qüsurludur və burda Rusiyanın böyük ölkə olması, oxucu bazasının, reklam bazarının imkanları da öz sözünü deyir. Doğrudur, bu, başqa yaşayış tərzi, fərqli mədəniyyətdir, amma çap mediasının müsbət təcrübəsini ki öyrənmək və tətbiq etmək olar.
Qalib ARİF
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN