booked.net booked.net  

..."Milan" Hospitalın sahibi, xeyirxah əməllər sahibi, sahibkar xanım, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə "Onur" Medalına layiq görülən... Xuraman xanım Muradova bu il  “HUMAY" MİLLİ MÜKAFATINA  layiq görüldü.  

Xuraman Muradova  bu böyük mükafata Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə layiq görülüb. Onu da vurğulayaq ki, bu mükafat hər il yalnız bir yazıçıya verilir. Bu il həmin mükafatın sahibi məhz çox maraqlı şair-nasir, yazdığı şeirlərə  peşəkar mahnılar yazılan, şeirləri qardaş Türkiyədə də çox maraqla qarşılanan  Xuraman Muradova  layiq görülüb.

Biz də bu böyük mükafat  münasibətilə  maraqlı şair-nasir Xuraman Muradovanı təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik. 

"Təzadlar" Xuraman Muradovanın son vaxtlar yazdığı bir neçə şeirini oxuculara təqdim edir:

Azərbaycan

Şərəfimin, qeyrətimin,

Neçə min illik tarixin, 

Qəhrəmanlıq adısan.

Mübarizlik yollarımın,

Sən sönməyən odusan!

Boy atıbdı hər daşında, 

Ərənliyin, müdrikliyin 

Tarix adlı yaddaşında

Bir dünyadı igidliyin,

Azərbaycan!

 

Ulusumun, türkümün,

Ərşə qalxan ünüsən.

Vətən-Vətən böyüyən,
Dünəni, bu günüsən.

Bilinməyən sədlərinin,

Yollarından çox keçilib,

Parçalanmış ürəyinin,

Şərbətindən çox içilib.

Azərbaycan!

 

Sınmamısan, bacarmısan

        ayaq üstə dayanmağı,

İnamından güc alaraq,

Xalqın üçün haqq yolunda,

Bacarmısan  tək  yanmağı.

Ədalətin, həqiqətin,

Asılmısan haqq  üzündən,

Azadlıq adlı nəfəsin,

Duyulubdu  hər  sözündən.

Azərbaycan!

 

Ey şanlı, ulu vətənim,
Bu dünya durduqca mənim,

Tarixləşən, müdrikləşən,

Qəhrəman,  igid,  ərənim.

Səni elə sevirəm ki,

Gözüm kimi, sözüm kimi,

Ürəyimdə  Vətən adlı,

Sönməyən bir közüm kimi.

Səni elə sevirəm ki,

Özüm kimi...

Özüm kimi, Azərbaycan!

  qarabax

Gözün aydın, ay Vətən

44 günlük müharibə,

Sənə zəfər gətirdi.

Qol açdığın oğullar,

Özün sənə yetirdi.

Gözün aydın, ay Vətən!

 

30 illik həsrəti,

Gözlərindən  sildilər.

Məğlub adlı ləkəni,

Səndən təmizlədilər.

Gözün aydın, ay Vətən!

 

Cəsarətin, qüdrətin,

Dilə gəlmişdi bir an.

Bu hünərin önündə,

Sanki donmuşdu zaman.

Gözün aydın, ay Vətən!

 

Düşmənə  göstərmisən,

O dəmir yumruğunu.

Sən türk oğlu, türk kimi,

Göstərdin kim olduğun.

Gözün aydın, ay Vətən!

 

         Vətən

Səni sevən ürəyim,

Hər an sənlə döyünür.

Sən mənim eşq məbədim,

Mənim könül dünyamsan,

Sən bu  Vətən dünyamda,

Sən mənim öz anamsan.

Vətən!

 

Başı bəlalar çəkən,

Qanlı bir keçmişin var.

Neçə yerə bölünüb,

Parçalandın min dəfə.

Amma, heç sarsılmadın,

Haqq-ədalət yolunda.

Yazıldı zəfər adın.

Vətən!

 

Azadlığın  eşqiylə,

Yanan odlu  ürəyin.

Mətinləşdi, bərkidi,

Mübarizə  yolundan,

Çəkinmədin heç zaman.

Tarix-tarix yaşadın,

Zirvə-zirvə ucaldın.

Vətən!

 

Sorağısan  səsimin,

Ərşə qalxan ünündə.

Çiçək-çiçək dil açdın,

Həqiqətin önündə.

Qərinələr içində,

Neçə min il tarixin,

Silinməyən yaddaşın.

Özün boyda dərd daşın,

Vətən!

 

Dünən igid yaraqlım,

Bu gün zəfər soraqlım,

Dirilən ümidlərim,

Açılan kilidlərim,

Sənin zəfər adındı!

Azadlıq adlı səsim,

Şirin ana nəfəsim,

Vətən, Vətən, ay vətən!!

  ilham-erdoqan

Azərbaycan-Türkiyə

Əzəldən bir doğulub,

Birgə boy atmısınız,

Adı, ruhu, qanı, bir,

Kökü, soyu, canı bir,

Siz doğma qardaşınız,

İşıqlı  gələcəyə,

Azərbaycan-Türkiyə!

 

Tarix boyu bir olub,

Yolunuz, məqsədiniz.

Dünyaya car çəkibdi,

Türk adlı haqq səsiniz,

Sizin bu varlığınız,

Bölünməzdir ikiyə,

Azərbaycan-Türkiyə!

 

Baş  əyməz  türk  övladı,

Düşməninə, yadına.

Sadiq olub hər zaman,

Özünün türk adına.

Layiqdir ərənliyə,

Layiqdir hər sevgiyə,

Azərbaycan-Türkiyə!

 

Daşınızda doğmalıq,

Sözünüzdə qürur var.

Yenilməz vüqarınız,

Düşmənin bağrın yarar.

Siz ey doğma şahinlər,

Turana  gedən yolun,

Göyərən ümidləri,

Sülhün  göyərçinləri!

Nə mutlum Türküm deyə,

Azərbaycan-Türkiyə!

 

   Şəhidlər xiyabanı

Şəhidlər xiyabanı...

Hər yer sükut içində...

Sanki burda məzarlar

hamısı bir ölçüdə,

hamısı bir biçimdə.

Uzaqdan bir səs gəlir...

Bir ana layla deyir,

Ürək yandıran ahla.

Salamlayır gecəni,

Açılmayan sabahla...

Gah coşğun, gah da həzin,

gah da harayla deyir.

Bir ana xiyabanda

oğluna layla deyir…

Oğlunun baş daşını

öpərək qucaqlayır.

Ana elə göynəyir,

ana elə ağlayır....

Deyir “hardasan oğul,

niyə  geri dönmədin?

Sənsiz sönüb ocağım,

Boş qalıbdı qucağım.

Məzarına gəlmişəm

deyiləsi sözüm çox,

Bura son ümid yerim,

Gediləsi yerim yox”...

Ana boynunu büküb

için-için sızlayır.

Oğlunun baş daşını

həsrətlə qucaqlayır.

Birdən ah cəkib susur,

Şəhid oğul önündə

sanki səcdəyə durur...

Ahı göyü yandırır,

ahı yeri yandırır...

Oğulun səsi gəlir…

Ana bir an dincəlir,

ilmə-ilmə sökülür,

ilmə-ilmə incəlir...

“Ağlama, can ay ana,

Şəhid anasısan sən!

Bu torpağın, bu yurdun

enməz Qalasısan sən!”

Oğlun şəhiddir ana,

şəhidlər ölməz axı!

Onların cənnətidir

yaradanın dərgahı.

Bir başını qaldır sən,

Vətən göylərinə bax.

Şəhidin gülümsəyir,

ordan sənə baxaraq.

Sevinclə o göylərdən

səni müjdələyəcək.

Son nəfəsində səni

cənnətə götürəcək...

Şəhidlər xiyabanı...

hər yer sükut içində.

Sanki burda məzarlar

hamısı bir ölçüdə,

hamısı bir biçimdə…

Uzaqdan bir səs gəlir,

Bir ana layla deyir,

gah coşğun, gah da həzin,

Gah da harayla deyir.Конец формы

 xocali

       Xocalı  harayım

O gecə Xocalı qana boyandı,

O gecə vətənin ürəyi yandı,

O gecə haqq da özü haqqını dandı,

İçimi qanla yedim,

Laylay Xocalım dedim,

Laylay Xocalım laylay...

Qanlı Xocalım laylay...

 

Körpə süngülərin körpə harayı,

Oxladı sinəmi neçə min sayı,

Can verdi bir anda  illərim, ayım,

Mən də bir qurban idim,

Laylay Xocalım dedim,

Laylay Xocalım laylay...

Qanlı Xocalım laylay...

 

Qan içdi torpağım, qana boyandı,

O gecə Xocalı alışdı, yandı,

O gecə elə bil həyat dayandı,

Bilmədim yerdəmi, ya  göydə idim

Laylay Xocalım dedim,

Laylay Xocalım laylay...

 

   Qanlı  Xocalım  laylay...

İnlədi  yaralı bir aslan kimi,

Zaman ömrümüzün qəddar hakimi,

Gözünü sığadı əcəl qan kimi,

Mən dərdə boyanıb,

mən kədər dindim,

Laylay Xocalım dedim,

Laylay Xocalım laylay...

Qanlı Xocalım laylay...

 

Laylay Xocalım laylay,

Başı bəlalım laylay,

Dünyan qana boyandı,

Qaldı nə halım, laylay...

Qanlı Xocalım laylay..

  

    LAÇIN

Aramızda otuz ilin nisgili,

Aramızda illər qaldı, ay Laçın.

Bu namərdlər, bu xainlər, xəbislər,

Bizi səndən ayrı saldı, ay Laçın.

Can Laçın...

 

Bir dünyalıq həsrət oldun gözümdə,

Bitdin dodağımda, bitdin sözümdə,

Zülmətə çevrildi hər gündüzüm də,

Həsrət saçlarımı yoldu, ay Laçın.

Can Laçın...

 

Şəhid harayından göyərən daşın,

Dərddən nalə çəkib ağaran başın,

Hər daşında, hər qayanda göz yaşın,

Ürəyimdə qara  xaldı, ay Laçın.

Can Laçın...

 

Baba yurdum səndə qalıb, qocalıb,

Sanki dünya  ömürümdən öc  alıb,

Daha qəm-kədərim arxada qalıb,

Gözlərim sevincdən boldu, ay Laçın.

Can Laçın...

  

 Qurbanlar kəsdim ki, arzuma  yetəm,

Çiçək olub Laçın qayanda bitəm,

Gül qoxulu yamaclarında ötəm,

Xoş bu günün, xoş bu halın, ay Laçın.

Can Laçın...

 

Duydun azadlığın xoş nəfəsini,

Eşitdin zəfərin şən  nəğməsini,

Xuraman səsinə qatıb səsini,

Sevincindən  qanad  çaldı, ay Laçın.

Can Laçın…

  

  Vətən adlı şəhidlər

“Şəhidlər ölməzdilər,

Şəhidi ağlamazlar”.

Bu sözün arxasında

Milyon qəhrəmanımın,

Tükənməyən taqəti,

Bitməz cəsarəti var.

Şəhidin ölməzliyi,

İgidin dönməzliyi,

Mərmi-mərmi ucalan,

Oğul mübarizliyi,

Bir də  Vətən sevgisi,

Onun sönməzliyi var.

Vətən ağrılarından,

Vətən sancılarından,

Doğulan oğulların,

Şəhidlik zirvəsində,

Qeyrəti var, adı var..

O ad  ki, əbədidir,

O ad  ki, müqəddəsdir.

O ad Vətənlə birgə,

Çəkilən qoşa səsdir.

Vətən adlı oğullar,

Vətən adlı şəhidlər,

Vətən adlı zirvənin,

 Yenilən  nəfəsidir.

  Ata

Çoxdan  gözləyirdim yolunu ata,

Arzum, muradımsan, bilirsən bunu.

İstəmərəm saçlarına dən düşə,

Sənsiz həyatımın yoxdu  bir  sonu.

Mənə ürək verən, ürəyim ata.

Süfrəmdə bərəkət, çörəyim ata.

 

Mənim hər dəqiqəm, hər bir anımsan,

Damarda çağlayan, axan qanımsan,

Arzular məskəni olan canımsan,

Həyatımın  özü, adısan  ata,

Ömrümün mənası,  dadısan ata.

 

Ürəkdən yazıram  tükənmir sözüm,

Sənsiz işıq görsə kor olar gözüm,

Saçına gül-çiçək çələngi düzüm,

Bənövşə  ətirli  mehriban ata.

Hər sözümə “haycan” deyən can ata,

 

Səni candan sevən bir  övlad  kimi,

Sənə həmdəm olan, şirin  ad  kimi,

Şəninə boy verən bir soyad kimi,

Dərdimə qalanım, hayanım ata,

Fəxrim-vüqarımsan,  ad-sanım ata.

 

 

    Səcdənə  gəlmişəm  Şuşam

Həsrətdən üşüyən arzularımı,

Götürüb səcdənə gəlmişəm, Şuşam.

Neçə baharımı, neçə yazımı,

Sənsiz həyatımdan silmişəm, Şuşam.

Mərmi gülüşlərin göz dağım olub,

Hər damla göz yaşın bulağım olub,

Sənsiz kaş bilsəydin nə çağım olub,

Dərdinlə can verib ölmüşəm, Şuşam.

 

Anam tək sinəmə bağladım səni,

Hər gecə, hər gündüz qoxladım səni,

Otuz il ürəkdən ağladım səni,

Otuz il ürəksiz gülmüşəm, Şuşam.

 

Qarlı dağlarına çökən duman-çən,

Mənim ürəyimə çökmüşdü nədən,

Ruhumu özüylə  aparıb gedən,

Dünyanı öz dünyam bilmişəm, Şuşam.

 

Olub keçənləri unudaq daha,

Bağışla, deyəsən batdım günaha,

Bilsəydin açılan bu xoş sabaha,

Nə qədər qurbanlar kəsmişəm, Şuşam.

 

Xoşdur azadlığın, xoşdur  bu  sədan,

Səni gözlərimdə yaşatdım hər  an,

Səcdənə durubdur qızın Xuraman,

Səni candan artıq sevmişəm, Şuşam.

 

 

       Mən  göy  adamıyam

Mən göy adamıyam, yerlə işim yox,

Mən göydən gəlmişəm, göy adamıyam.

Haqqın aşiqiyəm, haqqın  günəşi,

Ağıl adamıyam, bəy adamıyam.

 

Gözü yaşlı haqqın sinəsin açıb,

Nə gecəyə sığdım, nə də gündüzə.

Çəkib  içimdəki qaranlıqları,

Dönmüşəm harayçı, coşğun  dənizə.

 

Mən göy adamıyam, yerə sığmaram,

Gizli gələn payız, səssiz  yağışam.

Gülən azadlığa bir salam verib,

Haqqın  güzgüsünə qonan naxışam.

 

Su kimi durulur ömrün illəri,

Göyün  söz  yarağı, sözün yeriyəm.

Yerlə-göy arası mələk libaslı,

Haqqın  sərhəddiyəm, sözə  dirəyəm.

 

Mən göy adamıyam, eşidin məni,

Göyün göy qurşağı, səma rəngiyəm.

Gülən  azadlığın  əlindən tutub,

Yerin nəfəsinə çəkən biriyəm.

 

 Asıb günahından  günahkarları,

İldırım oluram, şimşək çaxıram.

Dənizdə yuyulan ləpələr kimi,

Sahildən sahilə  ümid axıram.

 

Mən Təbriz  yoluyam, Dərbənd yoluyam,

Salıram yolumu ayrılıqlara.

Bu ağır yolları alıb çiynimə,

Ümid daşıyıram, ümid  yollara.

 

Mən qartal vüqarlı, dağ  havalıyam,

Mən  Vətən ruhluyam, şəhid  məkanlı.

Dodağımda  günəş-günəş  söz  açıb,

Olmuşam  Vətənə  mən  ikicanlı.

 

Mən göy adamıyam, göylərdən enib,

Haqqın-həqiqətin zümzüməsiyəm.

Xuraman adında bir Vətən qızı,

Azərbaycan adlı Vətən səsiyəm.

 

 AYASOFİYAM

Allahu Akbər deyirəm,

Ruk edib səcdə edirəm,

Sənin ücün dua edirəm,

Müqəddəs, yenilməz Qalam,

Ayasofiyam, Ayasofiyam!

 

Peyğəmbərimin  nur  üzü,

Fatehi  Mehmetin özü,

Sən ruhumun görən gözü,

Könlüm səndən alar  ilham,

Ayasofiyam, Ayasofiyam!

 

Hardan baxsam görrəm  səni,

Sən  eyy  dünyanın  gözəli.

Hüriiyyətimin  əzəli,

 Sən Rəbbimizdən bir nişan,

Ayasofiyam, Ayasofiyam!

 

Toprağında  səcdə  izi,

Tariximin ulus  izi,

Nəfəsində rəhmət  sözü,

Sən ey ürəklərdə  qalan

Ayasofiyam, Ayasofiyam!

 

Uca səs gəlir göylərdən,

Dəstə-dəstə  mələklərdən,

Aləmlərin  tək  Rəbbindən,

Üzərinə olsun salam

Ayasofiyam, Ayasofiyam!

 

Bu şeiri söylər Xuraman,

Dualarım sənlə  hər  an,

Canım olsun  sənə  qurban

Can  Azərbaycandan  salam

Ayasofiyam,  Ayasofiyam!!!

  

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN