booked.netbooked.net booked.net  

"Qaz vurub, qazan doldurmaq" istəyən sahibkarlar bol qazanc əldə etmək yolunda sağlamlığımızı da təhlükəyə atmaqdan çəkinmirlər...

  Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrasını davam etdirir.

Belə ki, Agentlik ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindəki 57 kolbasa və 32 sosiska məhsulundan nümunələr götürmüş və (ümumilikdə 89 adda) laboratoriyalarda yoxlanılmışdır. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.

6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Nəzarət tədbirləri zamanı, həmçinin “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

***

 İndi isə diqqətinizə bizə kələk gəlib aldadan işbazların siyahısını təqdim edirik, hansı ki, onların bu eyibini laborator analizlər ortaya çıxarıb.  Baxın və nəticə çıxarın. Bu məhsulları istehsal edənlər də nəticə çıxarsa yaxşı olar...

Beləliklə, məşhur “Səhliyalı” Kiçik Müəssisəsinin əmtəə nişanı “Səhliyalı” olan yarımhisəverilmiş “Servalat” kolbasalarında üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

 Eyni müəssisənin əmtəə nişanı "Halal 5+" Sacüstü" halal sosiskalarının üzərində mal əti bəyan edilsə də, tərkibində, ümumiyyətlə mal DNT-si  aşkarlanmayıb.

Rəhimovların Ailə Təsərrüfatının əmtəə nişanı “Kəndli” olan bişirilib hisə verilmiş kolbasalarında üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb.

 “Sevilən Ad" MMC-nin əmtəə nişanı “Dilim-Dilim” olan bişmiş "Lyubitelskaya", əmtəə nişanı  "Əsl Dad” olan bişmiş "Toyuq",  əmtəə nişanı  "Əsl Dad” olan bişmiş “Doktoroskaya” kolbasalarında isə təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb.

"Mir 2016" MMC-nin əmtəə nişanı “Köhnə Dad” olan yarım hisə verilmiş "Servelat" kolbasalarının da üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si  aşkarlanmayıb.

 "M&T" Ltd firmasının əmtəə nişanı “Sevimli Dad” olan əla növ südlü sosiskalarının da üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si  aşkarlanmayıb.

"Ovçular Ət və Ət Məhsulları" MMC-nin əmtəə nişanı “Ovçular” olan "Külləmə" halal sosiskaları da təhlükəsizlik göstəricilərində uyğunsuz olub..

***

... Təsəvvür edin, bu məhsulları azyaşlı uşaqlar da yeyir. Bəziləri məhsulların üzərinə mal əti yazıb, ümumiyyətlə mal əti qatmır, yaxud toyuq əti qatır və ya üzərində donuz əti qatıldığı yazılmasa da donuz ətindən istifadə edilir, bəzilərinin isə, ümumiyyətlə yeyilməsi təhlükəsiz deyilmiş. Yerli məhsullarımızın bu şəkildə - aldadılaraq istehlakçıya təqdim edilməsi, onları yerli bazara inanmamağa, xarici istehsal şirkətlərinin məhsullarını almağa sövq edir və bununla da ölkənin valyutası xarici ciblərə axır. Çünki bir çox yerli istehsalçılarımız halal, dürüst, millətinin sağlığını , gələcəyini düşünərək, fəaliyyət göstərmək istəmirlər...

Yoxlamalar zamanı da ortaya belə bir dəhşətli nəticə çıxır və istehlakçıları yerli məhsullardan, ümumiyyətlə kolbasa və sosiska alışından çəkindirməyə məcbur edir...   

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN